TÜRK MUSİQİSİNİN NƏBZİ Türkiyənin əksər şəhərlərində olduğu kimi, Bursada da saysız-hesabsız bazar və dükanlar var. Hər yerdə ticarət, alış-veriş əhval-ruhiyyəsi duyulur. Onun qədim məhəllələrində isə ölkənin mənəvi dünyasını, mədəniyyət aləmini əks etdirən guşələrə tez-tez rast gəlmək olur. Muzeylər və məscidlərlə yanaşı, burada yaradıcı təxəyyülün məhsulu olan sənətkarlıq emalatxanaları da diqqəti cəlb edir. Belə obyektlərdən biri Okçulur məhəlləsində yerləşən “Rekor müzik” klarnet satışı salonudur. Desəm ki, türk musiqisinin nəbzi burada döyünür, səhv etmərəm. Salondan eşidilən musiqi səsləri, burada gedən yaradıcılıq mübahisələri, tanınmış musiqiçilərlə könülaçan söhbətlər bunu sübut edir.Muzeyi xatırladan bu salon zənginliyi və rəngarəngliyi, rahatlığı ilə ilk baxışdan adamı heyran edir. Müxtəlif növlü və ölçülü klarnetlərin satışı ilə məşğul olan bu salon Türkiyədə yeganədir. Sol klarnetin ölkədə yeganə istehsalçısı da elə bu salonun sahibi Ramazan Kordur. Bu mehriban, səmimi, zəhmətkeş adamı musiqiçilər yaxşı tanıyırlar. Böyük sənətkar kimi tanınan Ramazan bəyin yanına Türkiyənin müxtəlif guşələrindən, eləcə də xarici ölkələrdən peşəkarlar gəlirlər. Olduqca maraqlı insan olan Ramazan bəylə müsahib olan hər kəs onunla söhbətdən dərhal sonra öz-özünə etiraf edir ki, klarnet ondan ötrü adi musiqi aləti deyil. Uzun illərdən bəri ailəsinin çörək ağacı olmasına baxmayaraq, klarnet bu həssas və duyğulu adamın könül sevdasıdır. Ramazan Kor Şeyx Şamil hərəkatının süqutundan sonra rus çarının Dağıstandan sürgün etdirdiyi dağlıların nəslindəndir. Milliyyətcə ləzgidir, babası Dağıstanın keçmiş Qasımxür rayonunun Ruxun kəndindəndir. Məşhur ləzgi şairi Ruxun Əlinin nəslinin nümayəndəsidir. Türkiyənin Balıkesir vilayətindəki Yayla kəndində məskunlaşan bu ailədən adlı-sanlı adamlar yetişib. Onlardan biri məşhur musiqi professoru Emin Cenkmendir. PROFESSOR EMİN CENKMEN 1911-ci ildə İstanbulda anadan olmuş Emin Cenkmen Kadıköy italyan liseyini bitirərək 1940-cı ildə Romaya gedib, orada ikiillik musiqi təhsili aldıqdan sonra Parisdə məşhur “Schola cantorum”da oxuyub. Musiqi professoru kimi bir neçə il Parisdə dərs deyib. Avropada soyadını dəyişərək Cenkmen kimi tanınıb. 1948-ci ildə İstanbula dönən E.Cenkmen burada iki il “Musiqi ensiklopediyası” adlı bir jurnal təsis edib və nəşr etdirib. Onun musiqi nəzəriyyəsi ilə bağlı məqalələri 1944-1949-cu illərdə Türkiyənin qəzet və jurnallarında müntəzəm dərc olunub. 1947-ci ildə onun “Osmanlı sarayı və qiyafətləri” adlı kitabı çapdan çıxıb. E.Cenkmenin rəhbərliyi altında “Koroğlu”, “Ədalı qız” və “Yosma” operaları İstanbulda səhnəyə qoyulub. O, eyni zamanda peşəkar piano, gitara və ud ifaçısı kimi də tanınırdı. Məşhur sənətkar 1993-cü ildə vəfat edib. Emin Cenkmen Türkiyədə sol və si bemol klarnetinin yaradıcısı və istehsalçısı kimi məşhur idi. 1952-ci ildən 1987-ci ilə qədər həmin peşə ilə məşğul olan sənətkar ildə orta hesabla 200-250 klarnet düzəltmişdir. USTAD SƏNƏTKAR RAMAZAN KOR Hər bir sənətkarın ən böyük arzusu sağlığında öz ardıcılını görməkdir. Bu mənada Emin Cenkmenin bəxti gətirdi. Onun sevə-sevə gördüyü işi doğması Ramazan Kor davam etdirdi. Hələ 9 yaşında ikən bu sənətə bağlanmış, əmisi oğlunun yanında çalışmağa başlamış Ramazan ustadından bir az da irəli getdi. Ondan ötrü klarnet adi musiqi aləti deyil. 200-250 hissəcikdən səbirlə, ustalıqla klarnet yığan bu insan ona qəlbinin hərarətini, hisslərinin ülviliyini də əlavə edir. 1979-cu ildən klarnet istehsalı ilə məşğul olan Ramazan Kor musiqiçilər üçün əsl tapıntıdır. Türkiyənin ən məşhur klarnet ifaçısı Mustafa Kandıralının etiraf etdiyi kimi, əvvəllər ölkəyə bu alət Avropadan gətirilib. Olduqca baha başa gələn Avropa klarnetinin əvəzində Ramazan bəy öz istehsalını təklif edir, bu alətın səsindəki və tonlarındakı gözəllik peşəkarların diqqətini o saat cəlb edir. Müstafa bəy fəxrlə etiraf edir ki, Ramazan bəyin düzəltdiyi aləti çalandan bəri başqa aləti əlinə ala bilmir. “Rekor müzik” adi mağaza deyil. Burada digər musiqi alətlərinin pərakəndə satışı da təşkil olunmuşdur. Firmanın Bursada iki, İstanbulda bir satış mərkəzi fəaliyyət göstərir. 2005-ci ildən etibarən firma xaricdən musiqi alətlərinin gətirilib satılmasını da təşkil edir. Salonda peşəkar musiqi dərsləri də keçirilir. Həyat devizi “sonsuz dürüstlük” olan Ramazan bəy və onun həmkarları bütün Türkiyə üçün nümunəyə çevrilmiş bir sənətkarlıq ocağı yaratmağa müvəffəq ol-muşlar. TÜRKİYƏDƏ DAĞISTAN DÜNYASI “Rekor müzik” salonunda Ramazan Korun – bu gülərüz, mərd ləzginin Dağıstan adlı mənəvi dünyası da yerləşir. Çoxdan Türkiyə ilə Dağıstan arasında mənəvi körpüyə çevrilmiş bu insan Türkiyə ləzgilərinin ictimai birliyi olan “Dağıstan və dağıstanlılar” dərnəyinin yaradıcılarından biri kimi sərhədlərin ayırdığı insanları qəlbən yaxınlaşdırmaq kimi xeyirxah bir missiyanı da yerinə yetirir. Hər işi sevə-sevə, ürəkdən görən bu insanın gözəl ailəsi, qohum-əqrəbası, dostları onunla ürəkdən fəxr edirlər. “ Samur” qəzetinin yaxın dostu olan Ramazan bəyə, bu gözəl sənətkara yaradıcılıq uğurları arzulayırıq. Qoy ürəyindəki insan sevgisi heç zaman sönməsin! Sədaqət Kərimova,Bursa-Bakı